Sığortaçıdan sığortanın aparılması qaydaları və şərtləri, həmçinin sığortalının hüquq və vəzifələri barədə məlumat almaq;
Sığorta şəhadətnaməsi itirildikdə, onun dublikatını almaq;
Əmlaka və ya sağlamlığa dəymiş zərərin məbləğini müəyyənləşdirmək məqsədi ilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı müstəqil ekspertin xidmətlərindən istifadə etmək;
Sığortaçı və ya müstəqil ekspert tərəfindən dəymiş zərərin miqdarının və sığorta ödənişinin məbləğinin müəyyən edilməsinin nəticələri ilə tanış olmaq;
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulmuş hallarda və qaydada, o cümlədən məbləğdə və müddətdə sığorta ödənişini almaq;
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunununun 57.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzərdə tutulmuş hallarda sığorta haqqı ilə bağlı güzəştlərdən istifadə etmək;
Sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanınavə məhkəməyə şikayət etmək;
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunununda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlar.
Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununda (Qanun) sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlərin siyahısı göstərilmişdir. Siyahıda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilən arayış, müəyyən şərtlər daxilində həmin arayışı əvəz edən avroprotokol ilə bağlı normativ əsaslar göstərilmişdir.
Qanunun 17.1.4-ci maddəsinə əsasən: Bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayışdır.
Qanunun 58.2-ci maddəsinə əsasən: Bu Qanunun 17.1.4-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda, habelə yol-nəqliyyat hadisəsi (YNH) iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərtilə tələb olunmur:
58.2.1. Yol-nəqliyyat hadisəsi ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə ;
58.2.2. yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə yol-nəqliyyat hadisəsi iştirakçıları arasında mübahisə olmadıqda;
58.2.3. yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədikdə;
58.2.4. yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması yol-nəqliyyat hadisəsi iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.