İcbari Həyat Sığortası nədir?
İcbari Həyat Sığortası istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi halları üçün nəzərdə tutulmuş sığortadır.
11 may 2010-cu il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar:
- Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
- dövlət orqanları;
- hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
- seçkili orqanlar;
- fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur:
- istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı;
- müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə.
İcbari Həyat Sığortası hansı təminatlar verir?
- İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm;
- İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi.