Sığortalının vəzifələri aşağıdakılardır:

01

Müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan, sərbəst olaraq seçdiyi sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq və sığorta haqlarını “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununu və müqavilə ilə müəyyən olunmuş qaydada ödəmək;

02

Sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə, o cümlədən müvafiq icbari sığorta növü üzrə əvvəlki sığorta müqavilələri, bu müqavilələr üzrə baş vermiş sığorta hadisələri və həyata keçirilmiş sığorta ödənişləri barədə məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək;

03

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununu üzərinə məlumatlandırma vəzifəsi qoyulmuş digər şəxslər tərəfindən müvafiq məlumat verilməmiş olduqda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi və zərərçəkənlərin olması barədə, bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına, həmçinin sığortaçıya məlumat vermək;

04

Sığorta hadisəsi hesab edilə bilən hal baş verdikdə, zərərçəkən(lər)ə müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat vermək;

05

Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi zamanı və ondan dərhal sonra zərərin qarşısının alınması və (və ya) onun azaldılması, həmçinin əmlakın xilas еdilməsi istiqamətində, eyni zamanda zərər çəkmiş və ya zərər çəkmə еhtimalı olan şəxslərin həyatını və ya sağlamlığını xilas etmək üçün ağlabatan və mümkün olan bütün tədbirləri həyata keçirmək;

06

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yerdə və ya zərər dəymiş əmlakda sığortaçı və ya onun nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər onlara baxış keçirənədək heç bir dəyişiklik etməmək;

07

Zərər dəymiş və (və ya) zərər dəyməsinə səbəb olmuş əmlaka baxış keçirilməsi, baş vermiş hadisənin səbəblərinin, nəticələrinin, zərərin dərəcəsi və ya miqdarının araşdırılması üçün imkanları daxilində sığortaçıya şərait yaratmaq, habelə sığorta ödənişi verildikdə və müvafiq hallarda subroqasiya hüququnun həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya təqdim etmək;

08

Baş vermiş, sığorta hadisəsi hesab edilə bilən halla əlaqədar özünə qarşı irəli sürülmüş bütün tələblər və iddialar barədə sığortaçıya məlumat vermək;

09

Dəymiş zərərə görə təqsirli olan digər şəxslər tərəfindən verilmiş ödəmələr barədə sığortaçını xəbərdar etmək;

10

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin tələblərinə uyğun olaraq, müvafiq hallarda sığorta ödənişini alarkən, əlavə sığorta haqqı ödəməklə sığorta məbləğini bərpa etmək;

11

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunununda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.